UNEC və Pekin Xarici Dillər Universiteti əməkdaşlığa başlayır

  • 03 noyabr 2025
  • 71

Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in rektoru, professor Ədalət Muradov ilə keçirilən görüşdə hır iki universitet arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Rektor Ədalət Muradov UNEC-də ingilis dilinin tədrisində tətbiq edilən beynəlxalq yanaşmadan bəhs edərək bildirib ki, əsas məqsəd UNEC məzunlarının ingilis dilinə minimum orta səviyyədə yiyələnməsidir. O, həmçinin xarici dilin tədrisində PXDU-nun təcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, UNEC-də tədris və idarəetmə tamamilə rəqəmsallaşdırılıb və yaxın zamanda bu prosesə süni intellekt texnologiyalarının inteqrasiyası nəzərdə tutulub. Həmçinin qeyd edib ki, UNEC-də Süni İntellekt laboratoriyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biri olacaq.

Prof. Ədalət Muradov 2019-cu ildən UNEC-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Konfutsi İnstitutu tərəfindən 500 nəfərdən çox gəncin iştirak etdiyi onlayn Çin dili kurslarının təşkil olunduğunu, ölkədə Çin dilinə marağın artdığını qeyd edib.

Rektor həmçinin Çinə səfəri zamanı bir çox universitet və qurumlarla əldə olunan razılaşmalar, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumat verib.

PXDU-nun vitse-prezidenti Zhao Gang UNEC-in beynəlxalq reytinqlərdəki uğurlu mövqeyini və tədrisin rəqəmsallaşdırılması sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili də daxil olmaqla 101 xarici dilin tədris olunduğunu və xarici dillərin öyrənilməsini dəstəkləyən “MOG” adlı innovativ platformanın fəaliyyət göstərdiyini bildirib.

Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi, “xarici dil + iqtisadiyyat” istiqamətində ikili diplom proqramının reallaşdırılması, UNEC müəllimləri üçün ingilis dili üzrə təlimlərin təşkili, PXDU-nin xarici dilin öyrənilməsi təcrübəsinin tətbiqi, UNEC-də Xarici Dillərin Öyrənilməsi Mərkəzinin yaradılması, eləcə də birgə elmi konfransların və tərcümə layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər.